Bünyadzadə Könül Yusif qızı 1974-cü il, noyabrın 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1991-ci ildə Azərbaycan SSR Daşkəsən rayon A.S.Puşkin adına 2 saylı orta məktəbi bitirib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna baş laborant vəzifəsinə qəbul edilmiş və hazırda həmin İnstitutunun «İslam fəlsəfəsi və dinşünaslıq» şöbəsinin müdiri vəzifəsində çalışır.
2002-ci ildə fəlsəfə doktoru, 2007-ci ildə isə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
15 monoqrafiyanın, 350-dən çox elmi məqalənin müəllifidir, o cümlədən xarici ölkədə 3 monoqrafiyası, 60-dən çox elmi məqaləsi çap edilmişdir. Azərbaycanda və ümumiyyətlə Şərqdə fəlsəfi konsepsiya təqdim edən ilk və yeganə qadın filosofdur. Onun “Sufi fenomenologiya” adlı fəlsəfi konsepsiyası 2023-cü ildə Azərbaycan dilində iki cildlik olaraq, 2026-cı ildə isə ingilis dilində “İslam Fəlsəfəsi və Qərb Fenomenologiyası” (İPOP) seriyasının 9-cu cildi olaraq tanınmış Springer nəşriyyatı tərəfindən nəşr edilmişdir.
2016-cı ilin aprelindən 2017-ci ilin fevralına kimi TUBİTAK-ın dəstəyi ilə dəvətli professor olaraq Türkiyənin İstanbul şəhərinin 29 May Universitetində çalışmisdir. 2022-ci ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Beynəlxalq Liderlik Proqramı çərçivəsində Birləşmiş Ştatlarda qısamüddətli təcrübə keçmişdir. Vatikan Pontifik Qregorian Universiteti, Əlcəzair, Malayziya və Pakistanla Azərbaycan arasında elmi əməkdaşlığın ilk təşəbbüskarı olmuşdur.
Beynəlxalq Qadın Filosoflar Şəbəkəsində təmsil olunan yeganə azərbaycanlı filosofdur. YUNESKO-nun sponsorluğu ilə nəşr edilən “Who is Who?” (Kim kimdir?) və 2014-cü ildə Parisdə dərc edilən 3 cildlik “Le Dictionnaire Universel des Femmes Créatrices” – (“Yaradıcı qadınlar ensiklopediyası”) kitablarında haqqında qısa bioqrafik məlumat, 2015-ci ildə Türkiyədə nəşr olunan 7 cildlik “Tanzimatdan Günümüze Türk Düşünürleri” adlı antologiyada isə “Türk dünyasının ən gənc filosofu” kimi həyat və yaradıcılığı haqqında geniş oçerk verilmişdir.
2007-2017-ci illər ərzində “Fəlsəfə” jurnalının elmi katibi, 2018-ci ildən nəşr olunan “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının təsisçilərindən biri olmuş və iki il ərzində onun Redaksiya Heyətinin sədri kimi çalışmışdır. Eyni zamanda bir sıra xarici elmi jurnalların İdarə heyətinin üzvüdür. 2015-ci ildən Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidentidir.
2012-2014-cü və 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, pedaqogika, psixologiya və sosiologiya elmləri üzrə Ekspert Şurasının sədri, 2022-ci ildən isə oranın Rəyasət Heyətinin üzvüdür.